Qaratikan balı qaratikan bitkisinin (Paliurus) çiçəklərindən toplanır. Bitki əsasən quru daşlı, çınqıllı və gilli yamaclarda və düzənlərdə bitir, bəzən orta dağlıq (1800m) bölgəyə qədər yayılır. Qaratikan kolları isti bölgələrdə may, nisbətən dağlıq ərazilərdə iyun ayında çiçəkləyir. Bitki 3-4 metrə qədər böyüyür, çiçəkləri sarı rəngdə olur. İsti və quraq mühitdə güclü nektar verir, yağışlı havada isə bal verimi dayanır.
Cənub-Qərbi Asiya, Mərkəzi Asiya, Aralıq dənizi bölgəsinə və Şimali Afrikaya yayılan qaratikan qədim dövrlərdən dərman bitkisi kimi istifadə edilib. Xalq təbabətində onun kökü, gövdəsi, qabığı, çiçəyi və toxumundan faydalanıblar.
Qaratikan saponin, flavonoid, C vitamini, aşı maddələri, alkaloid və steroidlərlə zəngindir. Bitkinin yarpaq və qabığı xalq təbabətində sidikqovucu, kökü və yarpaqları soyuqdəymə və ishal üçün istifadə olunub.
Qaratikan balı tünd narıncı, qatı, özünəməxsus xoş qoxuludur. Gec xarlayır, ağızda ləzzətlə əriyir, dadı bütün ağıza yayılır. Azərbaycanın premium ballarlından sayılır. Monoflor ballara görə ən yüksək antioksidant, antibakterial, antifunqal dəyərə malikdir. Antimikrob xüsusiyyəti manuka balından da yüksək olan qaratikan balı insan sağlığı üçün çox faydalıdır.
Ölkəmizdən toplanan qaratikan balı isə təkcə qaratikan nektarından ibarət olmur. Onun tərkibində ağ məryəmnoxudu, kəklikotu və digər şəfalı dağ çiçəklərinin nektarı var.